Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyondur

2022.06.16 11:30 (UTC+04:00)

İyunun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

O qeyd edib ki, ölkədaxili bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub. Nağdsız ödənişlərin çəkisi kart ödənişlərində ilk dəfə 124 faiz bəndi artıb. Nağdsız ödənişlərin həcmində xüsusi önəm daşıyan elektron ticarətin məbləği 2,7 dəfə artaraq 6 milyard manat olub.