Əlverişli investisiya mühiti qeyri-neft sektoruna sərmayə axınını təmin edir

2022.06.14 14:03 (UTC+04:00)

Formalaşmış əlverişli biznes investisiya mühiti, dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırır. Bunun nəticəsi olaraq hökumət 2022-ci ilin yanvar-may aylarında investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb. Qeyd olunan müddətdə qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələrin həcminin 14,6 faiz artması, eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etməsi qeyd edilənlərin əyani təcəssümüdür.

Dünyadakı qlobal geosiyasi təlatümlər, habelə koronavirus pandemiyasının davam etdiyi şəraitdə Azərbaycanın yüksək kredit reytinqlərini, investisiya cəlbediciliyini qoruyub saxlaması, ilk növbədə, uzun illər ərzində reallaşdırılan qanunverici-institusional tədbirlərin nəticəsidir. Ölkəmizdə investisiya mühitinin liberallaşmasına siyasi, iqtisadi, sosial və digər qlobal amillər təsir göstərir. Bu mənada, dövlətin başlıca məqsədi investisiya mühitinin əlverişli vəziyyətə gətirilib çıxarılmasından ibarətdir. Hələ 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” qanun investisiyalarının ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunması haqqında” qanun da respublikada investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara bərabər iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Bundan əlavə, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, habelə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. İxrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaşdırılmasına xidmət edən addımlardan biridir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti də investisiya qoyuluşlarının təşviqi və qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Qurum investisiya şirkətlərinin və portfel investorların layihələrinin müştərək maliyyələşdirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb, ölkə şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmini, iri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması və digər istiqamətdə mühüm tədbirlər reallaşdırılır.

Ölkəyə xarici investisiyaların cəlb edilməsi, eləcə də ixrac imkanlarının genişləndirilməsi məqsədilə hələ 2003-cü ildə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (hazırki adı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO) da bu prosesdə öz sözünü deyir. Fond ölkənin investisiya imicinin formalaşdırılması, yerli və xarici investorlara müxtəlif xidmətlərin göstərilməsi, investorların cəlbi və onlarla danışıqların aparılması, investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması, Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması, “Azərbaycanda istehsal olunub” (“Made in Azerbaijan”) ticarət nişanının beynəlxalq səviyyədə təbliği kimi mühüm istiqamətlərdə fəaliyyət göstərir.

İqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması məqsədilə aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

Ümumiyyətlə, son 15 ildə sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması, lisenziyaların sayının 240-dan 30-dək azaldılması, elektron xidmətlərin geniş tətbiqi, sahibkarlıq subyektlərinin infrastruktur təminatının yaxşılaşdırılması, vergi və gömrük orqanlarında şəffaflaşdırma və digər tədbirlərin nəticəsi olaraq əldə edilmiş uğurlar dünyanın reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də postmüharibə dövründə azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Hazırda ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən layihələr dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var.

İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər. Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdə qərarlaşıb. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər ərzində xarici investorlar üçün cəlbedici biznes və investisiya məkanı olaraq qalacaq.

AZƏRTAC