Büdcə xərclərinin 41,8 faizi sosial sahələrə yönəldilib

2019.04.20 15:21 (UTC+04:00)

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5 milyard 35,9 milyon manat icra edilib. Maliyyə Nazirliyindən verilən xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq, bu ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2 milyard 104,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur. Dövlət büdcəsi xərclərinin 2 milyard 707,3 milyon manatı və ya 53,8 faizi cari xərclərə, 1 milyard 984,4 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 milyon manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İlk üç ayda dövlət əsaslı vəsait qoyuluşu xərcləri 927,7 milyon manat təşkil edib. Bunun 210 milyon manatı elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 717,7 milyon manatı isə enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər investisiya layihələrinə yönəldilib.

Maliyyə Nazirliyi icmal büdcənin gəlir və xərclərini də açıqlayıb. Məlumata görə, 2019-cu ilin birinci rübündə icmal büdcənin gəlirləri 9 milyard 192,2 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 129,2 milyon manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 76,9 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319 milyon manat və ya 6,7 faiz azdır. Nəticədə icmal büdcədə 4 milyard 115,3 milyon manat profisit yaranıb.