Qəbələdə biznes təlimləri başa çatıb

2022.06.13 17:25 (UTC+04:00)

“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Qəbələ rayonunda peşə təhsili alan sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilmiş biznes təlimlər başa çatıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən və üç həftə davam etmiş təlimlərdə gənclər KOBİA-nın Yevlax KOB İnkişaf Mərkəzinin ekspertlərinın mentorluğu ilə biznesə başlamaq, sahibkarlığın əsasları, satış, marketinq və s. mövzularda ilkin biznes biliklərinə yiyələniblər. Ümumilikdə təlimlərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alan 158 nəfər gənc iştirak edib.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə ilkin olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilib. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir. Layihə çərçivəsində biznes və peşə təlimlərini uğurla başa vuran gənclərin müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.