ABŞ-da kriptovalyuta bazarının tənzimlənməsi Senatın gündəliyindədir

2022.06.14 13:10 (UTC+04:00)

ABŞ-da kriptovalyutaların tənzimlənməsi üçün yeni qanun layihəsi hazırlanıb. ABŞ senatorlarının kriptovalyuta ilə bağlı yeni təklifində diqqət çəkən bəzi məqamlar var.

Ötən ay kriptovalyutaların iflasından sonra bütün dünyada kriptovalyutanın tənzimlənməsi istiqamətində atılan addımlar sürətləndirilib. ABŞ Senatında Respublikaçılar və Demokratlar partiyalarının birgə təşəbbüsü ABŞ hökumətinin kriptovalyutanı tənzimləmək üçün nə etməli olduğunu ortaya qoyur.

İki senator "Responsible Financial Innovation Act" (RIFA) adlı qanun layihəsini imzalayıb. Kriptovalyutalar da daxil olmaqla bütün rəqəmsal aktivləri əhatə edən bu layihə “kriptonu məhdudiyyət qoyulmadan mövcud qanunlara daxil etmək” məqsədi daşıyır.

Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) və Əmtəə Fyuçers Ticarət Komissiyasına (CFTC) təqdim edilən yeni tənzimləmə kriptovalyuta dünyasına aydınlıq gətirməyə yönəldilib. Qanun layihəsinin ilk ciddi təklifi bir neçə istisna olmaqla, rəqəmsal valyutaların ənənəvi qiymətli kağızlar kimi tanınmamasıdır.

RIFA-nın hədəflərindən biri də stabilkoinlərin tənzimlənməsidir. TerraUSD-nin çökməsi ilə kriptovalyuta bazarının alt-üst olduğunu vurğulayan senatorlar stabilkoinlərə ehtiyacın olub-olmadığını qiymətləndirəcəklər. Rəqəmsal dollardan başqa hansı tənzimləmənin aparılacağı isə hələlik bəlli deyil.

Qanun layihəsində diqqət çəkən daha bir məsələ rəqəmsal aktivlərin vergiyə cəlb edilməsidir. Hesabatda qeyri-mərkəzi qurumların hamısının vergiyə cəlb edilməsinin zəruri olduğu göstərilir. Bu, ABŞ-da anonim kriptovalyuta biznesinin sonunu gətirə bilər.

Bundan əlavə, kriptovalyuta birjaları üçün iflas şərtləri də yenidən gündəmə gətirilib.

Yeni qanun layihəsinin həm Respublikaçılar, həm də Demokratlar tərəfindən imzalanması onun qəbul olunması imkanını artırıb.