Maliyyə lizinqi əməliyyatlarından ƏDV tutulurmu?

2022.06.13 11:56 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin müddəalarına əsasən, maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilmişdir və Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 140-cı, 164-cü və 175-ci maddələri