BMT G20 ölkələrini kömür infrastrukturunu ləğv etməyə çağırıb

2022.06.10 12:37 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş ətraf mühit problemlərinə həsr olunmuş “Stokholm 50+” konfransında çıxış edərək, yenidən G20 ölkələrinə kömür infrastrukturunu ləğv etmək çağırışını xatırladıb.

“Bu gün mən G20 ölkələrinin hökumətlərini kömür infrastrukturunu ləğv etməyə, OECD ölkələrində 2030-cu ilə qədər, bütün digər ölkələrdə isə 2040-cı ilə qədər ondan tamamilə imtina etməyə çağırıram”, - A.Quterreş BMT-nin saytında yayılmış açıqlamada bildirib. Bundan əlavə, o, bütün maliyyə subyektlərini mədən yanacağını maliyyələşdirməkdən uzaqlaşmağa və bərpa olunan enerji mənbələrinə sərmayə qoymağa dəvət edib. O, vurğulayib ki, Yer kürəsinin təbii sistemləri bəşəriyyətin tələblərinə tab gətirə bilmir. "Əgər dünyadakı istehlak ən zəngin ölkələrin səviyyəsində olsaydı, bizə üçdən çox Yer planeti lazım olardı", - Baş katib bildirib.