Birinci rübdə avrozonada ÜDM artımı illik ifadədə 5,4% olub

2022.06.13 13:30 (UTC+04:00)

Avropa Statistika Agentliyi “Eurostat”ın üçüncü, yekun qiymətləndirməsinə əsasən, 2022-ci ilin birinci rübündə avrozonanın 19 ölkəsində ümumi daxili məhsul (ÜDM) illik ifadədə 5,4%, rüblük ifadədə isə 0,6% artıb. “DailyFx” portalının sorğusuna qatılan analitiklər göstəricilərin əvvəlki qiymətləndirmə səviyyəsində - artımın illik ifadədə 5,1%, rüblük ifadədə isə 0,3% artım olacağını gözləyirdilər.

Üçüncü qiymətləndirməyə əsasən, keçən rübdə Avropa İttifaqı (Aİ) ölkələrinin məcmu ÜDM-i illik ifadədə 5,6%, rüblük ifadədə isə 0,7% artıb. İkinci qiymətləndirmə müvafiq olaraq 5,2% və 0,4% artım göstərmişdi. Beləliklə, Avropa iqtisadiyyatı bərpa olunma istiqamətində artımını davam etdirib.

Ötən ilin dördüncü rübündə Aİ ÜDM-i illik ifadədə 4,9%, rüblük ifadədə 0,5%, avrozonada isə müvafiq olaraq 4,7% və 0,3% artmışdı. Ümumilikdə, 2021-ci ildə həm avrozonanın, həm də Aİ-nin ÜDM-i 5,3% artıb.