Təhlükəsiz və sağlam əmək şəraitində işləmək işçinin mühüm hüquqlarından biridir. İşəgötürənin bu sahədə əsas vəzifələrindən biri əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların bütün tələblərinə əməl olunmasını təmin etməkdir. Əməyin mühafizəsinin vacib prinsiplərindən biri işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Onlar normal əmək və istirahət rejiminə riayət olunmasını, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təşkil etməlidirlər.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin "Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.