- Hazırda Azərbaycanla Pakistan arasındakı iqtisadi-ticari əlaqələri necə dəyərləndirmək olar? Sizcə, hər iki ölkə qarşılıqlı əməkdaşlıq üçün mövcud potensialdan yetərincə istifadə edirmi?
- Ticarət sahəsində Azərbaycanla Pakistan arasında yaxşı əlaqələr mövcuddur, iqtisadi sahədə də əməkdaşlıq üçün kifayət qədər potensial olduğunu qeyd etmək olar. Artıq bir müddətdir ki, ölkələrimiz bu potensialdan istifadə edə bilmək üçün birgə səy göstərirlər. İqtisadi sahədə ixracat, xüsusilə Pakistandan Azərbaycana ixracla bağlı daha çox potensialın olduğu fikrindəyəm. Düşünürəm ki, biz bu imkanlardan lazımınca istifadə edə bilərik. Amma bunun üçün biznes investisiyaları da artırılmalıdır. Məhz bundan sonra iki ölkə arasında iqtisadi əlaqələr daha da güclənəcək. Yeri gəlmişkən, qeyd edim ki, altı mindən çox üzvü olan, metal, aqrar, turizm, informasiya texnologiyaları sahələri üzrə fəaliyyət göstərən şirkətlərin təmsil olunduğu İslamabad Ticarət və Sənaye Palatasının nümayəndələrinin Azərbaycana səfərinin əsas məqsədi hər iki ölkədən olan şirkətlər arasında əməkdaşlığı gücləndirmək, onların bir-birini tanımasına, gələcək əməkdaşlığın bünövrəsinin qoyulmasına şərait yaratmaqdır.
İqtisadi sahədə ixracat, xüsusilə Pakistandan Azərbaycana ixracla
bağlı daha çox potensialın olduğu fikrindəyəm. Düşünürəm ki,
biz bu imkanlardan lazımınca istifadə edə bilərik.
- Pakistandan ölkəmizə daha çox hansı məhsullar üzrə idxal potensialı yüksəkdir?
- Azərbaycana bir çox məhsulların, o cümlədən tikinti materiallarının, tekstil mallarının ixracı üçün böyük potensialımız var. Hesab edirəm ki, Pakistanın dünyaca məşhur manqosu da Azərbaycanda istehlakçıların tələbatını yetərincə ödəyə bilər. Bu səbəbdən də, əminəm ki, yaxın gələcəkdə ixracla bağlı müvafiq razılaşmaların əldə edilməsinə nail ola bilərik. Onu da vurğulamaq istərdim ki, hazırda ölkələrimiz arasında ixrac potensialından istifadə səviyyəsi heç də qənaətbəxş deyil. Bunun əsas səbəbi nəqliyyat xərclərinin yüksək olmasıdır və bu problem biznesmenləri bir qədər narahat edir. Düşünürəm ki, ixracın artırılması məsələsi, xüsusilə nəqliyyat xərclərinin azaldılması ilə bağlı tərəflər arasında qarşılıqlı görüşlər keçirilməli, həll yolları tapılmalıdır. Məhz bundan sonra qarşılıqlı olaraq iqtisadi potensiallarımızdan səmərəli istifadə edilə bilər.
Tikinti materialları və tekstil sahələri pakistanlı iş
adamlarını maraqlandıran ən əsas investisiya sahələridir.
- Pakistanın iş adamları Azərbaycanda daha çox hansı sahələrə investisiya yatırmaqda maraqlıdırlar?
- Qeyd edim ki, Pakistanın biznes nümayəndələri azərbaycanlı tərəfdaşları ilə biznes qurmaqda çox maraqlıdırlar. Tikinti materialları və tekstil sahələri pakistanlı iş adamlarını maraqlandıran ən əsas investisiya sahələridir. Nəzərə alsaq ki, Pakistanın düyü ixracı üzrə potensialı çox yüksəkdir, bu baxımdan biznesmenlərimiz bu sahədə də iş aparmağa həvəslidirlər.
- Pakistanlı investorlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayələrin yatırılması imkanlarını nəzərdən keçirirlərmi?
- Təbii ki, iş adamlarımızın belə planları var. Biz azad edilmiş ərazilərə daha çox investisiya yatıra bilərik. Pakistanlı iş adamları bu ərazilərdə, əsasən, tikinti malları üzrə investisiya yatırmağa maraqlıdırlar.
İlhamə İSABALAYEVA