Rəqəmsal ticarət üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

2022.06.07 16:18 (UTC+04:00)

7 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrasının təmin olunması məqsədilə yaradılmış Rəqəmsal ticarət üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda İşçi Qrupun hədəfləri, fəaliyyət istiqamətləri, Anlaşma Memorandumunda qeyd olunan məsələlərin ilkin təhlili, ticarət fəaliyyətlərinin asanlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində koordinasiyalı işin təşkili barədə müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun müddəalarının icrasının təmin olunması üçün Nazirlər Kabinetinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupa 11 dövlət qurumunun nümayəndələri daxildir və Qrupun fəaliyyətinin əlaqələndirilməsi 4SİM-ə həvalə olunub.