Türkiyənin ixracatı may ayında rekord həddə çatıb

2022.06.08 12:52 (UTC+04:00)

2022-ci ilin may ayında Türkiyə ixracatının həcmi 19 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur. Mayda əldə edilmiş bu göstərici Türkiyənin ixracat tarixində ən yüksək rəqəmdir. Ticarət naziri Mehmet Muş bildirib ki, may ayında xarici ticarətin həcmi ötən illə müqayisədə ümumilikdə 31,1% artaraq 48,6 milyard dollar təşkil edib. Göstərilən dövrdə idxal edilən malların dəyəri 29,6 milyard dollar təşkil edib. Onun sözlərinə görə, may ayında idxalda ilk yeri 6,9 milyard dollarlıq payla enerji daşıyıcıları tutub.

"Türkiyə enerji daşıyıcıları idxal edən ölkə kimi enerji qiymətlərindən asılı olmaya bilməz. Bir daha vurğulamaq istərdim ki, idxal artımının əsas səbəbi enerji daşıyıcılarının qiymətlərinin artmasıdır", - Mehmet Muş qeyd edib.

2022-ci ilin yanvar-may aylarında Türkiyənin ixracı 96,8 milyard dollara (enerji xaric), xarici ticarətin həcmi isə 202,8 milyard dollara çatıb. Nazir bildirib ki, ixracın idxala nisbəti enerji komponenti nəzərə alınmadan 91,3% təşkil edib. Muş Türkiyənin 2022-ci ildə 250 milyard dollarlıq ixracat hədəfinə doğru davamlı şəkildə irəlilədiyini vurğulayıb.