Hansı ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur?

2022.06.08 16:26 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əməkhaqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddənin üçüncü hissəsinə görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd olunanlara əsasən, işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Əmək Məcəlləsinin 154-cü və 157-ci maddələri, “Tibbi sığorta haqqında” Qanununun 15-10.1.2-ci maddəsi