"İqtisadiyyat" qəzetinin redaksiyasında "Kölgə iqtisadiyyatı və onunla mübarizə" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm departamentinin rəbəri, professor Zahid Məmmədov, həmin universitetin kafedra müdiri Məhiş Əhmədov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, vergilər nazirinin müşaviri Xaqani Abdullayev, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi siyasəti və makroiqtisadi təhlil idarəsinin direktoru Namiq Dərgahov, Bakı Dövlət Universitetinin dosenti Fərhad Qarayev və digər ekspertlər fikirlərini bölüşüblər.
"Kölgə iqtisadiyyatı"nın inkişafına təsir göstərən mühüm məsələlərdən biri də
nağd hesablaşmaların xüsusi çəkisinin kifayət qədər böyük olmasıdır
Son illər Azərbaycanda "kölgə iqtisadiyyatı" ilə mübarizənin çox yüksək səviyyədə aparıldığını deyən Akif Musayev bu istiqamətdə təxminən 22 dövlət sənədinin qəbul olunduğunu bildirib və bunu ölkədə siyasi iradənin göstəricisi kimi qiymətləndirib: "Kölgə iqtisadiyyatı"nın yaranma səbəbləri müxtəlifdir: onlara vergi və sosial yük, vergi mədəniyyəti, bürokratiya, inzibati maneə, korrupsiya, cavabdehlik, şəffaflığa nəzarət, hüquqi və ictimai xidmətin keyfiyyətinin qənaətbəxş olmaması, işsizlik, özünüməşğulluq və s. amillər aid edilir. "Kölgə iqtisadiyyatı"nın inkişafına təsir göstərən mühüm məsələlərdən biri də nağd hesablaşmaların xüsusi çəkisinin kifayət qədər böyük olmasıdır. Biznes subyektlərinin öz aralarındakı 180 milyard manatlıq ümumi dövriyyəsinin 152 milyard manatı; istehlakçı sferasında isə 52 milyard manatın 46 milyard manatını nağd hesablaşmalar təşkil edir. Sözsüz ki, burada hesablaşmalar banklardan, dövriyyədən kənarda gedir və uçotdan yayınmaqla fəaliyyət göstərir. İstər dövriyyədə olan pul kütləsinin, istərsə də inflyasiyanın və s. kimi problemlərin idarə edilməsi mühüm əhəmiyyət daşıyır".
A.Musayev "kölgə iqtisadiyyatı"nın mövcudluğunu təkcə vergi ilə əlaqələndirməyin doğru olmadığını vurğulayıb. Onun fikrincə, biznes mühitinin qiymətləndirilməsinin on bir istiqaməti var və bunların yalnız ikisi vergi ilə bağlıdır: "Yəni təkcə vergi ilə bağlı tədbirlərin görülməsi, qanunvericiliyin təkmilləşdirilməsi stimullaşdırılma üçün kifayət deyil. Ona görə də gərək digər sahələrə də böyük diqqət yetirilsin. Çox yaxşı haldır ki, 2019-cu ilin yanvarından Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə stimullaşdırıcı addımlar da daxil edilib. Düşünürəm ki, bu, yaxşı nəticələr verəcək. Amma bəzi məhdudlaşdırıcı tədbirlər var ki, onlar, sözsüz ki, "kölgə iqtisadiyyatı"nın yaranmasına stimul yaradır. Bunların da tədricən aradan qaldırılmasına ehtiyac var".
İri biznes fəaliyyəti elektronlaşmış olarsa, elektron auditdən
istifadə edilərsə inzibatçılığın yükü azala bilər
Hesabatlılığın çox vacib məsələ olduğunu vurğulayan A.Musayev burada həm büdcə xərclərinin, həm bələdiyyələrin fəaliyyətinin, həm də biznes strukturlarının hesabatlılığının nəzərdə tutulduğunu deyib. Onun fikrincə, hesabatlılıq, xüsusilə də elektronlaşma nə dərəcədə yüksək olarsa, şəffaflıq bir o qədər artar: "Vergi ödəyiciləri bilməlidirlər ki, onların ödədikləri vergi necə və hara xərclənir. Bu yaxınlarda Bakıda keçirilmiş Vergi Forumunda vergilər naziri Mikayıl Cabbarov və digər çıxış edənlər bu məsələnin vacibliyinə xüsusi diqqət çəkiblər. İri biznes fəaliyyəti elektronlaşmış olarsa, elektron auditdən istifadə edilərsə inzibatçılığın yükü azala bilər. Məlumdur ki, elektronlaşmamış hesabatların nəticələrini nəzarətdə saxlamaq mümkün deyil".
A.Musayev mühasiblərin təqdim etdiyi hesabatlarda xətalara yol verilməsi məsələsinə də toxunub. Bildirib ki, "kölgə iqtisadiyyatı"nın azaldılmasında şəffaflaşmaya ciddi ehtiyac var: "Bəzi hallarda hesabatlar əvvəlcədən müəyyən düzəlişlərlə təqdim olunduğundan, reallığı tam əks etdirmir. Hesabatlılığın bütün mərhələlərində, xüsusilə də mühasibatlıq sahəsində çalışan insanların peşəkarlıq səviyyəsindən asılı olaraq hesabatlarda xətalara yol verilməsi çox ciddi problemdir. İstər xərclərin artırılması, istərsə də gəlirlərin azaldılması və s. kimi dövriyyələrin gizlədilməsi xüsusilə mühasiblər vasitəsilə aparılır. Ona görə də mühasibatlığın şəffaflaşdırılması "kölgə iqtisadiyyatı"nın xüsusi çəkisinin azaldılmasında vacib əhəmiyyət daşıyır".
Professor çıxışında vergi ödəyicilərinə tətbiq edilən güzəşt və imtiyazlardan da danışıb. Bu sahədə uçotun aparılmasının vacibliyini vurğulayıb: "Vergi Məcəlləsi və digər qanunvericiliklərdə kifayət qədər böyük həcmdə güzəşt və imtiyazlar nəzərdə tutulur. Bu, bir tərəfdən, vergi ödəyiciləri arasında diskriminasiyanın yaranması, digər tərəfdən isə haqqı olmayan bir çox vergi ödəyicilərinin o güzəştlərdən istifadəyə çalışması problemini ortaya qoyur. Buna görə də burada uçota ciddi nəzarətə ehtiyac yaranır. Misal üçün: artıq neçə illərdir kənd təsərrüfatı, aqrar sektor bütünlüklə vergidən azaddır. Amma orada uçot varmı? Yoxdur. Güzəşt heç də orada uçotun aparılmaması anlamına gəlmir. Heç bir qanunvericilikdə güzəşt tətbiq edilən sahələrdə uçotun aparılmaması qeyd olunmayıb. Əksinə, bu sahələrdə uçot daha ciddi aparılmalıdır".