İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri arasında dəyirmi masa formatında görüş keçirilib.
Dövlət Xidmətindən bildirilib ki, qurumun rəisi Məmməd Abbasbəyli ölkə iqtisadiyyatında azad bazar prinsiplərinin formalaşdırılması, antiinhisar nəzarəti və rəqabət sahələrində institusional islahatların aparıldığını qeyd edib, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə danışan Dövlət Xidmətinin rəisi Rəqabət Məcəlləsinin müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq Nazirlər Kabinetinə təqdim edildiyini vurğulayıb.
Tədbirdə təbii inhisarların fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, dövlət satınalmalarının rəqabətqabiliyyətliliyin artırılmasında rolu, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının qorunması sahələrinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Sonda sağlam rəqabət mühitinin təmin olunması mövzusu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.