Böyük Britaniyada 500 min müəssisənin iflasa uğrayacağı proqnozlaşdırılır

2022.06.03 13:46 (UTC+04:00)

Böyük Britaniyada qiymət artımı rekord səviyyəyə yüksəldiyinə görə 500 minə yaxın kiçik və orta biznes müəssisəsi iflasa uğramaq riski ilə üzləşib. İngiltərə Kiçik Biznes Federasiyasının sədri Martin MakTeq “The Guardian” qəzetinə müsahibəsində Milli Statistika İdarəsinə istinadən bildirib ki, kiçik biznes müəssisələrinin 40%-nin və ya iki milyonunun öz fəaliyyətini dəstəkləmək üçün üç aydan az pul ehtiyatı qalıb.

Qəzet yazır ki, bu iki milyondan 10%-nin və ya 200 min müəssisənin “ciddi problemləri” var, 300 mininin isə “bir neçə həftəsi qalıb”. Vurğulanıb ki, bu müəssisələrin pul ehtiyatı olmadığına görə belə bir ssenarinin baş vermə ehtimalı yüksəkdir. İngiltərədə inflyasiya son aylarda rekord səviyyələrə çatır. Mayın əvvəlində İngiltərə Bankı 2022-ci il üçün inflyasiya proqnozunu artırıb və dördüncü rübdə 10,25%-ə qədər yüksələcəyini gözləyir ki, bu da tarixi rekord ola bilər.

Böyük Britaniyada elektrik enerjisi və qaz qiymətlərində aprelin əvvəlində 54% artımdan sonra milyonlarla ev təsərrüfatı illik 700 funt-sterlinq həcmində görünməmiş xərc artımı ilə üzləşib. Britaniya kansleri Rişi Sunak ölkədəki yaşayış xərcləri böhranına və rekord inflyasiyaya cavab tədbiri olaraq 15 milyard funt sterlinq həcmində yeni yardım paketinin ayrıldığını elan edib. Hakimiyyət neft-qaz şirkətlərinin izafi mənfəətinə müvəqqəti 25% vergi tətbiq edəcək.