AZƏRTAC xəbər verir ki, tədbirdə Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edib və sərgi haqda məlumat verib: “Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki, sabah keçiriləcək əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Təbii ki, ənənələrə uyğun olaraq bütün bu tədbirlər davam edəcək”.
Rassel Teylor bildirib ki, sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət təmsil olunur.
Sonra açılış mərasimində dövlət başçısı çıxış edib. Prezident bildirib ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək: “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır”.
Dövlət başçısı qeyd edib ki, bu prosesdə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi: “Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”.
Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Azərbaycanın həyata keçirdiyi enerji layihələrindən də danışıb: “Ötən əsrin sonunda, fikrimcə, mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı”.
Ölkə başçısı çıxışı zamanı şövcud vəziyyətə və qlobal bazarda yaranmış tələbata da toxunub: “Əlbəttə ki, hazırda - iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın”.
Dövlət başçısı Azərbaycanın enerji siyasətinə beynəlxalq dəstəkdən də bəhs edib: “Mən, həmçinin Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürümü bildirmək istərdim. Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi verəcəklər”.
Prezident dövlətimizin alternativ və bərpa olunan enerji siyasətinə də toxunub: “Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə mövcud enerji imkanları haqda da fikirlərini bölüşüb: “İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar”.
Dövlət başçısı yeni reallıqlar şəraitində Zəngəzur dəhlizinin potensialından da bəhs edib: “Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir”.
Eyni zamanda həyata keçirilən qlobal layihələr, uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan inkişaf göstəriciləri haqda danışılıb: “Burada qeyd etdiklərimin hamısı daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Biz bunun nəticəsini görürük və diqqətinizə cari ilin bəzi göstəricilərini təqdim etmək istəyirəm. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.
“Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm”, - deyə Prezident İlham Əliyev natiq əlavə edib.
Sonra ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman çıxış edib və Prezident Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunu oxuyub.
Daha sonra Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edib, Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hendsin videomüraciəti təqdim olunub.
Sonda dövlətimizin başçısı Sərginin xatirə kitabını imzalayıb.