İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın qeydiyyatı” və “Dövlət əmlakının özəlləşdirilməsi” mövzularında təlim keçirilib.
Təlimçilər - Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Elnur Rzayev və Rəşad Əbləsənov daşınmaz əmlakın qeydiyyatı prosedurları, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi üsulları, özəlləşdirilmə prosesinin iqtisadiyyata verdiyi faydalar, üstünlüklər barədə təqdimatla çıxış ediblər.
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini Rüstəm Şahbazaov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.