Qrant vəsaiti ilə alınan malları satan şirkət hansı sənədləri tələb etməlidir?

2022.06.06 11:21 (UTC+04:00)

ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmə əməliyyatları ilə bağlı mühasiblər daha çox ehtiyat edirlər. Bəzən hədsiz narahatlıq qarşı tərəfdən əsassız sənədlərin tələb edilməsinə, yaxud onlarla əməliyyatların həyata keçirilməməsindən imtinaya gətirib çıxarır. Əsassız tələb edilən sənədlərdən biri də ƏDV-nin sıfır dərəcəsi ilə bağlı sertifikatdır. Bu cür hallarda mühasiblərin tərəfdaş təşkilatlardan sıfır faiz sertifikatı tələb etməmələri düzgün deyil: çünki bu əməliyyat üçün qanunvericiliklə belə bir sertifikat müəyyən edilməyib.

Qrant müqaviləsi üzrə vəsait əldə etmiş təşkilat resipiyent qismində malları (işləri, xidmətləri) ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmiş formada əldə etmək istəyirsə, ondan qrant müqaviləsini və həmin müqavilənin dövlət qeydiyyatına alınması barədə bildirişi tələb etmək kifayətdir.

Qeyd edək ki, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli qərarı mövcuddur.

Müqavilələrin qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Bundan başqa, ƏDV bəyannaməsinin 8 nömrəli Əlavəsində nəsə yazmağa ehtiyac yoxdur.