Gənc developer, İqtisadiyyat Nazirliyinin əməkdaşı Ağa Əlislamovun kapitanı olduğu komandanın (üzvlər Anar Nəbiyev və Musa Musayev) “Digital Expo Center” layihəsi (https://digitalexpocenter.com) Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında 1-ci yerə layiq görülüb.
Layihə festivalda sosialyönümlü texnologiyalar kateqoriyası üzrə təqdim edilib.
A.Əlislamov “vergiler.az”a verdiyi açıqlamada mötəbər bir festivalda qalib olmaqdan qürur duyduğunu bildirib. Komanda işini yüksək qiymətləndirən gənc developer əlavə edib ki, bu istiqamətdə yeni layihələr hazırlamaq üçün fəaliyyətini davam etdirəcək. O ümid etdiyini bildirib ki, belə festivalların keçirilməsi Azərbaycanda müasir texnologiyaların genişmiqyaslı tətbiqinə töhfə verməklə sahənin inkişafına müsbət təsir göstərəcək.
Xatırladaq ki, “Digital Expo Center” layihəsi müxtəlif sərgilərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub. Layihədə tətbiqi nəzərdə tutulan "Unreal Engine 4" müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihənin əhəmiyyəti barədə məlumat verən A.Əlislamov qeyd edib ki, layihənin tətbiqi sayəsində yerli və xarici qonaqlar evdən çıxmadan, mobil telefon və ya kompüter vasitəsilə sərgini ziyarət edə bilərlər. Virtual sərginin binası Baku Expo Centerin modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayanlar, veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər. Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını nümayiş etdirmək imkanına malikdirlər.