Müstəqillik Günümüz mübarək!

2022.05.28 10:00 (UTC+04:00)

1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş oldu. Bəyannamənin qəbulu ilə xalqımız çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmək, hürr yaşamaq iradəsini ifadə etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı, ilk dəfə nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. Dövlət atributları və sərhədlər müəyyən edildi, respublikanın beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində elm və təhsilin, səhiyyənin, sənayə və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı əvəzzis addımlar atıldı, zəruri qanunvericilik bazası yaradıldı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bir çox mütərəqqi addımları ilə bərabər, həm də müsəlman Şərqinin ilk demokratik respublikası kimi tarixə düşdü.

Təəssüf ki, 1920-ci il aprel ayının 28-də Cümhuriyyət parlamenti mövcud reallıqları nəzərə alaraq hakimiyyəti Qırmızı Orduya təhvil vermək məcburiyyətində qaldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 28 may tarixi bu il ilk dəfə Müstəqillik Günü kimi qeyd ediləcək.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə müzəffər Ali Baş Komandan başda olmaqla qalib Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyini təmin etdi. Artıq ikinci ildir ki bu şərəfli tarixi - 28 mayı xalqımız qalib xalq kimi qeyd edir.

Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, xalqımızın ədaləti, mərdliyi hesabına qazandığımız müstəqilliyimiz əbədi olsun.

Bayramımız - Müstəqillik Günümüz mübarək!

Anar ƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru