Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Mərasimdə iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd sakinləri ilə görüşüblər. Sakinlər qarşısında çıxış edən dövlətimizin başçısı Müstəqillik Günü ərəfəsində belə bir görüşün böyük rəmzi mənası olduğunu qeyd edərək, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsinin məhz müstəqilliyimizin möhkəmlənməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan görür ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir”.
Çıxışında tarixi faktlara ekskursiya edən Prezident İlham Əliyev vurğulayıb ki, ilk Xalq Cümhuriyyəti süquta uğrayandan cəmi bir neçə ay sonra 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi: “Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi”.
Bu gün müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı bəyan edib ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil ölkə kimi dünya səviyyəsində özünəməxsus yer tutan Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir: “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir”. Prezident İlham Əliyevin sözlərinə görə, siyasi və iqtisadi müstəqillik imkan verib ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq: “Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik... Güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır”.
Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin
sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik,
heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma,
kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.
Çıxışında ölkə iqtisadiyyatının mövcud durumuna aydınlıq gətirən Prezident İlham Əliyev bu gün iqtisadi göstəricilərimizin çox müsbət olduğunu diqqətə çatdırıb: “Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.
Dövlət başçısı dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olduğunu deyib: “Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq. Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq”.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara insanların qayıdışı üçün müvafiq şərait olmalıdır: “Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpası məqsədilə müxtəlif layihələr, investisiya proqramları icra olunur: “Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”.