ABŞ-da yüksək inflyasiyanın gələn ilə qədər davam edəcəyi gözlənilir

2022.05.31 13:41 (UTC+04:00)

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) 2022-2032-ci illər üçün proqnozları özündə əks etdirən “Büdcə və iqtisadi vəziyyət hesabatı”nı dərc edib. Hesabatda 2022-ci ildə mal, xidmət və əmək bazarlarında güclü tələbə qarşı təklifin məhdud olması səbəbindən inflyasiyanın yüksək səviyyədə qalacağının gözlənildiyi bildirilib. Təklifin azalması, enerji qiymətlərinin enməsi və daha az dəstəkləyici pul siyasətinin reallaşması ilə inflyasiyanın azalacağına diqqət çəkilən sənəddə inflyasiyanın 2021-ci ilin ortalarından bu yana son 40 ilin ən yüksək səviyyəyə çatdığı göstərilib.

Hesabatda bildirilib ki, ölkədə ötən il qeydə alınmış 4,7 faizlik inflyasiyanın bu il 6,1 faizə çatmasından sonra 2023-cü ildə 3,1 faizə, 2024-cü ildə isə 2,4 faizə enəcəyi gözlənilir. ABŞ iqtisadiyyatının bu il 3,1 faiz böyüyəcəyinin gözlənildiyi vurğulanan hesabatda ABŞ iqtisadiyyatının artım proqnozu gələn il üçün 2,2 faiz, 2024-cü il üçünsə 1,5 faiz göstərilib.

Hesabatda 2022-ci ildən sonra ölkədə iqtisadi artımın yavaşlayacağı və inflyasiya təzyiqlərinin azalacağı vurğulanıb. Qeyd olunub ki, bu il üçün büdcə kəsiri gözləntisi keçən ilin rəqəmindən 118 milyard dollar azdır. 2021-ci maliyyə ilində 2,8 trilyon dollar olan büdcə kəsiri vergi gəlirlərindəki artıma görə bu il azalaraq təxminən 1 trilyon dollar olacaq.