İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının üzvləri ilə onlayn formatda görüşüb. Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir.
Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçılar tərəfindən fərdi şəkildə elektron ticarət vasitəsilə malların idxalının bu sektorda sahibkarlıq fəaliyyət göstərən şirkətlər üçün haqsız rəqabət şəraiti yaratdığı hallar, rəsmi idxalçılara vergi güzəştlərinin verilməsinin mümkünlüyü, sektorun inkişafı üçün sahibkarların qaldırdığı məsələlər müzakirə olunub.
Sahibkarlar tərəfindən irəli sürülmüş təkliflər qeydə alınıb və onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.