Prezident İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və bütün digər istiqamətlərdə, o cümlədən sənaye və ticarət sahələrində uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi, Bakıda əczaçılıq zavodunun inşa ediləcəyi, Reza Rəhmaninin Azərbaycana bu səfəri zamanı isə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlinin qoyulacağı qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu bildirilib.