Estoniya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə müzakirə aparılıb

2022.05.26 12:10 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasla görüşüb.

Nazir müavini qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. Vurğulanıb ki, Estoniya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verilir. Azərbaycanda iqtisadi sferanın müxtəlif sahələri üzrə 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir.

Sahib Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Estoniyanın iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ölkəsinin Azərbaycanla tərəfdaşlığın genişlənməsində, Estoniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı istiqamətləri və birgə təşəbbüslərin reallaşdırılması imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, həmin gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə kənd təsərrüfatı, dəmir yolları, logistika, rəqəmsal həllər, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən estoniyalı iş adamları və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüş keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.