Yanvar-aprel aylarında 107.552 daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb

2022.05.24 17:02 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib. Belə ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində 107.552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

4 aylıq göstəricinin 26.354-ü (24,5%-i) ilkin, 81.198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.037-i fərdi yaşayış və bağ evi, 26.975-i mənzil, 61.841-i torpaq sahəsi, 1.147-i qeyri-yaşayış binası, 2.261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28.397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Daşınmaz əmlakın ilkin qeydiyyatı-Statistika

Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14.197 olub.

Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5.050 olub.

Cari ilin yanvar-aprel ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı

Cari ilin yanvar-aprel ayları ərzində 84.862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir. 2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22.101 olub.