Vergi islahatları ilə təkmilləşən biznes mühiti dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir

2022.05.24 15:55 (UTC+04:00)

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, buna adekvat olaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması vergi islahatlarının da mühüm istiqamətlərindəndir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, biznes mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlər həm yerli, həm də xarici sahibkarlar üçün əlverişli imkanlar açır.

Biznesə başlamaq üçün dəqiqələr kifayətdir...

Ölkəmizdə biznesə başlamaq üçün, sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı müasir mexanizmlər yaradılıb. 2011-ci ildən fiziki, 2012-ci ildən isə hüquqi şəxslərin qeydiyyatı onlayn qaydada aparılır. 2019-cu ildən etibarən isə hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi bir prosedurla – “Mobil nömrə və FİN kod” vasitəsilə, 20 dəqiqə ərzində həyata keçirilir. Elektron qeydiyyat sisteminin təkmilləşməsi nəticəsində sadə qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub və elektron qeydiyyat genişlənib.

Bu ilin ilk rübündə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,1 faiz təşkil edib. Ölkəmizdə vergiödəyicilərinin sayında da davamlı artım qeydə alınır. Elektron qeydiyyatın sərfəli və rahat olması biznes sahəsində aktivlik yaradıb.

Biznesə dəstək üçün qanunvericilik təkmilləşdirilir...

Vergi siyasətinin səmərəliliyinin artırılmasında vergi güzəştlərinin də böyük rolu var. Stimullaşdırıcı vergi güzəştlərinin bütün növləri iqtisadi və sosial səmərəliliyinin artırılmasına yardım edir. Biznesə başlayan sahibkarları maraqlandıran əsas məsələlərdən biri də elə budur: sahibkarlıq fəaliyyətinə dəstək verən vergi güzəştləri.

Son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb. Hazırda Vergi Məcəlləsində biznes nümayəndələri üçün 100-dən çox güzəşt və azadolma mövcuddur. Sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilib. Bu güzəştlər arasında, həmçinin kiçik orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikro sahibkarlığa 75 faizlik güzəştin verilməsi və sair məsələlər var. Mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azaddırlar. Həmin şirkətlərin istehsal və emal məqsədilə idxal etdikləri texnoloji avadanlıq və qurğular da 7 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunub. Vergi Məcəlləsinə son dəyişikliklərdə də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə bağlı məsələlər yer alıb. Belə ki, kitab, dərslik və kağızın idxal və satışı ilə məşğul olanlar, icarəçi sahibkarlar, gəlir və xərclərin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi, investorlar üçün vergi və maliyyə yükünün azaldılması, hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi bu tədbirlərin davamıdır.

Xarici biznes üçün əlverişli vergi mühiti...

Azərbaycanda biznes prosedurlarının sadələşdirilməsi, qeydiyyat sistemində innnovativ həllərin tətbiqi və həyata keçirilən vergi islahatları xarici biznes nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Avropa şirkətlərinin Azərbaycanda fəaliyyətini və rəylərini əks etdirən “Aİ Biznes Mühiti Hesabatı 2021” sənədində biznes mühitinin ümumi bərpasına dəlalət edən irəliləyişlər barədə nəticələr qeyd edilir. Bildirilir ki, vergi siyasəti üzrə göstəricilərin mülayim artımı davam edir və bu, investorlar tərəfindən “qənaətbəxş” hesab olunur.

Vergi sahəsində islahatların aparılması səyləri də Avropa şirkətlərindən müsbət rəylər almağa davam edir. Respondentlər vergi hesabatlarının verilməsinin vaxtını azaldan və kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən Elektron Vergi Sisteminin artan effektivliyini bildirib. Müsahibələr zamanı avropalı investorlar elektron vergi xidmətlərinin kifayət qədər stabil və anlaşıqlı pltaforma kimi təsvir edirlər. Şirkət təmsilçiləri vergi orqanlarının elektron platformada texniki dəqiqləşdirmə və texniki məsələlərin həlli ilə bağlı fərdi müraciətlərə operativ reaksiyasından da razıdır. Ötən ilki nəticə ilə müqayisədə Avropa şirkətlərinin 80 faizi biznes əməliyyatları üçün Azərbaycanı seçməyə hazır olduğunu bəyan edib.

Son illərdə ölkəmizin biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin əksəriyyəti Azərbaycanda fəaliyyətlərinin artacağını və ya sabit qalacağını bildirirlər. Bu onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir.

Yeni strategiya ilə daha mükəmməl biznes mühiti...

Dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması üçün islahatlar həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlanıb. Yeni strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.

Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi Qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.

Beləliklə, vətəndaşlar və özəl sektor vergi siyasətinin formalaşmasında iştirak etmək imkanına malik olacaqlar. Deməli, qarşıdakı dövrdə sahibkarların biznes mühiti barədə təklifləri, bu sahədə mübahisəli məqamların aradan qaldırılması və nəticədə sahibkarların iqtisadiyyatda rolunun artırılması daha təkmil forma alacaq və bu, öz növbəsində biznes mühitinin daha cəlbedici olmasına və iqtisadi aktivliyinin artmasına öz töhfəsini verəcək.

AZƏRTAC