ABŞ Çindən gələn mallar üçün gömrük rüsumlarını ləğv etmək niyyətindədir

2022.05.24 13:55 (UTC+04:00)

Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Brayan Diz bildirib ki, Birləşmiş Ştatlar ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Çindən gələn mallara tətbiq edilən gömrük rüsumlarının ləğvinin mümkünlüyünü nəzərdən keçirir.

“Bu, fəal şəkildə nəzərdən keçirdiyimiz məsələdir: ABŞ əhalisi, istehlakçılarımız üçün beynəlxalq ticarətdən necə yararlana biləcəyimizə dair daha geniş suala gətirib çıxarır”, - cənab B.Diz CNN telekanalına bildirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ilin iyun ayında Çinin “ədalətsiz ticarət metodlarından istifadə etdiyini” səbəb göstərərək 50 milyard dollar dəyərində Çin mallarına 25% rüsum tətbiq etmişdi. Bu ilin mart ayında ABŞ administrasiyası Çindən gətirilən 352 məhsulun 2022-ci ilin sonuna qədər gömrük rüsumlarından azad edilməsi ilə bağlı qərarı bərpa etmişdi.