Tatyana Mikayılova: "İndi biznes qadınlar üçün daha əlçatandır" MÜSAHİBƏ

2022.05.20 10:12 (UTC+04:00)

- Tatyana xanım, bu cür tədbirlərin iş mühitinə, xüsusilə qadınların biznes fəaliyyətinə müsbət təsirləri nələrdir?

- Pandemiya ilə əlaqədar iki il qadınların konqresini təşkil edə bilmədik. İki il aradan sonra bu il 4-cü konqresimizi keçirə bildik. İlk tədbirlərdən sonra qadınların təsis etdiyi xeyli sayda yeni şirkətlər və brendlər bazara daxil olub. Xanımlar öz bizneslərini qurmaqda, eləcə də menecmenti öyrənmək üçün təhsil almaqda maraqlıdırlar. Bununla onlar “top menecment” səviyyəsinə nail ola bilirlər.

- Qadınlar daha çox biznesin hansı sahələri ilə məşğul olurlar?

- Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların sayı 956 min 118 nəfər olub ki, onlardan 210 min 815 nəfəri qadınlardır. Biz qadın sahibkarlar arasında sorğu keçirdik və 63%-i fərdi sahibkar olan respondentlərmizin 44%-nin xidmət sektorunda, 37%-nin isə ticarətdə fəaliyyət göstərdikləri məlum oldu.

- Bəs qadınların biznesə başlaması üçün əsas amillər hansılardır?

- İctimai rəy sorğusunda bunu da araşdırmağa çalışdıq. Biznesə başlamaq üçün əsas amillər sırasında məşğulluğu tənzimləmək bacarığı öndədir. Sorğuda iştirak edən qadınların 53%-i bunu vurğulayıb. Maliyyə müstəqilliyi qazanmaq, daha çox gəlir əldə etmək, öz xəyallarını gerçəkləşdirmək həvəsi ilə yanaşı, biznesə başlamaq üçün lider olmaq bacarığı da mühüm əhəmiyyət daşıyır. Qadınlarımızın 15%-i digər qadın sahibkarlardan ilhamlanaraq işə başladıqlarını vurğulayıblar.

- Azərbaycandakı iqtisadi mühit, sahibkarlara münasibət qadınların işgüzar fəaliyyətində özünü necə göstərir?

- Bu barədə çox geniş danışmaq olar. Qısaca olaraq deyim ki, ölkəmizdə biznesə başlamaq çox asandır. İndi biznes qadınlar üçün daha əlçatandır. “Bir pəncərə” sistemi üzərindən bütün xidmətlər çox rahat formada təqdim olunur. Şirkəti qısa müddətdə təsis edib, işə başlaya bilərsən. Dövlət qurumları da sahibkarlara dəstək verir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həqiqətən bütün mərhələlərdə sahibkarların yanındadır, sahibkarlara məsləhət xidmətləri göstərir. Azərbaycanda bizneslə məşğul olmaq üçün çətinliklər görmürəm. Çünki dövlət qurumları ilə münasibətlər çox sıxdır. Mühit çox dəyişib. Bütün iqtisadiyyatlar kiçik bizneslərdən başlayır. Ölkədə kiçik və orta sahibkarlıq subyektləri olmayanda iri bizneslər də zəif fəaliyyət göstərir. Qadınlar isə əsasən kiçik və orta bizneslə məşğul olurlar.