- Ayxan müəllim, Azərbaycanda e-ticarətin tətbiqi sahəsində ümumi mənzərə necədir?
- Son illər Azərbaycanda e-ticarət sahəsində ciddi artım dinamikasının olduğunu və bu prosesdə pandemiya şəraitinin başlıca faktor kimi çıxış etdiyini qeyd etməliyik. Pandemiya müddətində əksər satış məntəqələrinin onlayn formada xidmət göstərməsi həm istehsalçılarda, həm də istehlakçılarda bu sahəyə marağı artırdı. Bununla yanaşı, e-ticarətin verdiyi üstünlükləri görən sahibkarlar bu sahəyə daha çox maraq göstərməyə başlayıb. E-ticarətlə məşğul olan sahibkarlar ənənəvi ticarətdəki bəzi müntəzəm xərclərdən azad olduğuna, mal və ya xidmətin maya dəyəri aşağı düşdüyünə görə daha münasib qiymətə mal və xidmətlər təklif edə bilirlər. Bu, istehlakçıların da marağına uyğun gəlir.
- Azərbaycanda ticarətin necə faizi internet üzərindən aparılır?
- Azərbaycanda elektron ticarət əməliyyatlarının həcmi 2021-ci il ərzində 7 milyard 208 milyon manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 3 milyard 332 milyon manat və ya 86% artım deməkdir. Müşahidələrimiz onu göstərir ki, hətta iki-üç il əvvəl e-ticarət xidmətləri təklif etməkdə maraqlı olmayan sahibkarlar da ticarətdə rəqəmsal həllərdən istifadəyə üstünlük verirlər.
Pandemiya müddətində əksər satış məntəqələrinin onlayn formada xidmət
göstərməsi həm istehsalçılarda, həm də istehlakçılarda bu sahəyə
marağı artırdı. Bununla yanaşı, e-ticarətin verdiyi üstünlükləri görən
sahibkarlar bu sahəyə daha çox maraq göstərməyə başlayıb.
- E-ticarətin tətbiqi sahəsində hansı problemlər var və onları necə aradan qaldırmaq olar? Təklifləriniz varmı?
- Hesab edirəm ki, ölkəmizdə e-ticarətin problemlərindən danışanda ilk öncə inamsızlıq amilini qeyd etməliyik. E-ticarətlə məşğul olan bəzi şirkətlər faktiki ünvanlarını alıcılardan gizlədirlər. Nəticədə alıcı yalnız virtual aləmdə əlaqə saxlaya bildiyi satıcıya məhsulu almazdan əvvəl ödəniş etməkdən çəkinir və satıcıya etibar edə bilmir. Bununla yanaşı, satıcı da ilkin ödəniş olmadan məhsulun çatdırılmasında maraqlı deyil.
Yerli saytların idarə edilməsinin tələb olunan səviyyədə olmaması da sahənin inkişafına mane olan problemlərdəndir. Bəzi yerli saytların əsas mənfi cəhəti isə “https” sertifikatına sahib olmamasıdır. Bu sertifikatın əldə edilməməsi halında istifadəçilər şəxsi məlumatlarının təhlükəsizliyinə əmin olmayaraq onlayn ödəniş etməkdən çəkinirlər. Digər bir problem də yerli onlayn marketlərin qlobal axtarış sistemlərində (“Google”, “Yandex” və s.) optimallaşdırma fəaliyyətini (SEO) lazımi səviyyədə aparmamasıdır. Bunun nəticəsində e-ticarət saytları haqqında məlumatı olmayan yerli və ya xarici vətəndaşın axtarış sistemlərində ona rast gəlmə ehtimalı azalır. Bununla yanaşı, yerli e-ticarət istifadəçiləri daha çox xarici platformalara üstünlük verirlər ki, bu da ölkənin ticarət saldosuna mənfi təsir göstərir. Əhalinin yerli portallara üstünlük verməməsinin əsas səbəbləri isə bu platformaların müsbət və mənfi cəhətləri, hətta əksər hallarda mövcudluğu barədə kifayət qədər məlumatlı olmamasıdır. Düşünürəm ki, ölkə ərazisində vətəndaşların və sahibkarların e-ticarət barədə biliklərinin daha da artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində atılacaq konkret addımlar sahənin inkişafına öz müsbət təsirini göstərəcək.
E-ticarətlə məşğul olan bəzi şirkətlər faktiki ünvanlarını alıcılardan gizlədirlər.
Nəticədə alıcı yalnız virtual aləmdə əlaqə saxlaya bildiyi satıcıya
məhsulu almazdan əvvəl ödəniş etməkdən çəkinir və satıcıya etibar edə bilmir.
- E-ticarətdən istifadənin gələcəyi ilə bağlı proqnozlar nələrdən ibarətdir?
- Dünya statistikasına nəzər yetirsək, e-ticarətin pərakəndə satış dövriyyəsindəki payının ilbəil artdığını görə bilərik. Bu göstərici 2020-ci ildə 16,1 faiz, 2021-ci il də isə 18,1 faiz təşkil edib və 2022-ci ildə 20 faiz olacağı proqnozlaşdırılır. Artım dinamikasının növbəti illərdə də davam edəcəyi və e-ticarətin ənənəvi ticarəti üstələyəcəyi proqnozlaşdırılır. Bu statistik məlumatlar artıq sahə üzrə peşəkar kadrların yetişdirilməsini aktuallaşdırır. Qeyd edim ki, artıq bu istiqamətdə işlərə start verilib. Bu il ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyinin dəstəyi ilə elektron kommersiya ixtisaslaşması üzrə magistr hazırlığına başlanılıb. Magistrantlar üçün “Amazon”, “eBay”, “Alibaba”, “Azexport” kimi nüfuzlu e-ticarət platformalarında hesablar yaradılaraq, real əməliyyatlar həyata keçirilməsi praktik nümunələrlə tədris olunmağa başlanıb. İnanıram ki, bənzər halların ölkənin digər ali təhsil mərkəzlərində də tətbiqi gələcəkdə sahə üzrə daha çox peşəkarların formalaşmasına öz müsbət təsirini göstərəcək.
Əhalinin yerli portallara üstünlük verməməsinin əsas səbəbləri isə
bu platformaların müsbət və mənfi cəhətləri, hətta əksər hallarda
mövcudluğu barədə kifayət qədər məlumatlı olmamasıdır.
- Ticarətin hansı istiqamətlərində rəqəmsallaşma daha çoxdur?
- Son illər dünyada baş verən proseslər ticarətin rəqəmsallaşmasına çox böyük təkan verib. Bu, əsasən, özünü pərakəndə ticarətdə göstərdi. İnsanlar yaşayış və ya iş yerlərini tərk etmədən istənilən məhsulun əldə olunması imkanını müsbət qarşıladı. Nəticədə, xidmət və ya məhsul təklif edən bir çox şirkətlər öz iş prinsipini bazarın yeni tələblərinə uyğunlaşdırmalı oldu. Onu da qeyd etmək yerinə düşər ki, hazırda əsas inkişaf rəqəmsal platforma bizneslərinin payına düşür. Platforma biznesi dedikdə təchizatçı və tədarükçü tərəflərin rəqəmsal mühitdə alış-veriş imkanının yaradılması nəzərdə tutulur. Burada platforma yaradıcısının məhsul və ya xidməti olmur. Yaradılan rəqəmsal mühit iki tərəfin ticarət əlaqələrinin reallaşdırılması üçün platforma rolunu oynayır. Buna misal olaraq sosial şəbəkələr, e-ticarət platformaları, sifarişlərinin çatdırılması və ya taksi xidməti təklif edən platformaları qeyd edə bilərik. Sadalanan platformalar tərəfindən yaradılan imkanlar vətəndaşlarda nağdsız ödənişlərə və e-ticarətə marağın artmasına müsbət təsirini göstərir.
E-ticarətin sürətli inkişafı bu sahədə dələduzluq hallarının da
çoxalmasına yol açıb. Xoşagəlməz hallar, əsasən, ikinci əl məhsul
satışı və ya vakant iş yeri elanlarında tez-tez yaşanır.
Müasir elektron həllərdən tək ticarətdə yox, həm də dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərdə də istifadə olunur. Bu da sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlər vətəndaşlarda nağdsız ödəniş vərdişini formalaşdırır.
- Bu gün e-ticarət satıcısının, yoxsa alıcısının hüquqlarının qorunmasına daha çox ehtiyac var?
- E-ticarətin sürətli inkişafı bu sahədə dələduzluq hallarının da çoxalmasına yol açıb. Xoşagəlməz hallar, əsasən, ikinci əl məhsul satışı və ya vakant iş yeri elanlarında tez-tez yaşanır. Buna misal olaraq mövcud olmayan iş yeri üçün elan verilərək vətəndaşlardan işə qəbul adı altında əlavə ödənişlərin edilməsini və ya bir əşyanın dəyərindən aşağı qiymətə satışı üçün elan yerləşdirilərək maraqlı şəxslərdən onlayn formada beh tələb olunmasını qeyd edə bilərik. Bənzər dələduzluq hallarının mövcudluğu insanlarda e-ticarətə marağın aşağı düşməsi ilə nəticələnir. Hesab edirəm ki, e-ticarətdə istehlakçıların qarşılaşa biləcəyi dələduzluq hallarından qorunması üçün maarifləndirici tədbirlərin daha çox təşkilinə ehtiyac var.
Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA