ƏDV-nin müəssisələrə qaytarılması Çinin büdcə gəlirlərinin azalmasına səbəb olub

2022.05.19 13:34 (UTC+04:00)

Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin məlumatına əsasən, ölkənin büdcə gəlirləri 2022-ci ilin yanvar-aprel ayları ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb. Bu dövrdə ölkə büdcəsinin gəlirləri təxminən 7,43 trilyon yuan (təxminən 1,87 trilyon manat) təşkil edib. Bununla belə, əlavə dəyər vergisinin (ƏDV) müəssisələrə qaytarılmasının təsirini nəzərə almasaq, büdcə gəlirləri bir il əvvəllə müqayisədə 5 faiz artıb. Mərkəzi hökumət və yerli hökumətlər dörd ayda büdcəyə müvafiq olaraq 5,7 və 3,9 faiz az – 3,46 trilyon yuan (871 milyard manat) və 3,97 trilyon yuan (1 trilyon manat) vəsait köçürüblər.

Yanvar-aprel aylarında vergi gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq 6,23 trilyon yuan (1,57 trilyon manat) olub. İlk dörd ayda büdcə xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 8,09 trilyon yuana (2 trilyon manat) çatıb.

Qeyd edək ki, Çində aprel ayından irimiqyaslı ƏDV kreditlərinin qaytarılmasına başlanıb. Geri ödənişlərin ümumi məbləği keçən ay təxminən 800 milyard yuan (200 milyard manat) olub. Hökumətin hesabatına görə, 2022-ci ildə vergi güzəştləri məbləğinin təqribən 2,5 trilyon yuan (630 milyard manat) olacağı gözlənilir ki, bunun da təxminən 1,5 trilyon yuanı (380 milyard manat) geri qaytarılan ƏDV olacaq və həmin məbləğin hamısı birbaşa müəssisələrə yönəldiləcək.