Hicran Hüseynova: Qadınların əmək bazarına lazımi bacarıqlarla çıxması üçün innovativ maliyyə mexanizmləri yaradılmalıdır

2022.05.18 17:15 (UTC+04:00)

“Bu gün İKT qadınların intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, qadınlar arasında yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitələrdəndir”.

Bu fikri millət vəkili Hicran Hüseynova Bakıda keçirilən “SHE Congress”dəkı çıxışında səsləndirib. Qeyd edib ki, artıq ölkəmizdə onlarla startapın, inkubasiya mərkəzinin mövcud olması müsbət haldır: “Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir. Yəni orta dünya göstəricisindən artıqdır. Qadınlar və qızların sabahın əmək bazarında lazımi bacarıqlara malik olması üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”.

Müasir Azərbaycan qadınının hərtərəfli inkişaf etməli olduğunu deyən H.Hüseynova qadınların dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda da maraqlı tərəf kimi çıxış etdiklərini vurğulayıb: “Azərbaycanda qüvvədə olan qanunlar və digər normativ hüquqi aktlar ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Qadın ailədən aldığı dəstəklə inkişaf edir. İqtisadi cəhətdən müstəqil, savadlı, fəal qadın həm ailəsinə, həm də cəmiyyətə layiqli töhfə verə bilir. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar və başqalarına da dəstək olsunlar. Çünki qadınlar həm də gələcək nəsil yetişdirirlər. Onlar sağlam, təhsilli, fəal olmalıdırlar ki, böyütdükləri övladlar da cəmiyyətə layiqli vətəndaş olsunlar. Bunun üçün ehtiyaclar öyrənilməlidir”.