Xamis Seyranov: "Rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görüləcək" MÜSAHİBƏ

2022.05.17 15:50 (UTC+04:00)

- Xamis müəllim, istərdik öncə təbii inhisar məhfumuna aydınlıq gətirəsiniz. İnhisarçı qurumların xidmət göstərdikləri sahələrdə istehlakçıların hüquqları necə qorunur? Bu proses necə tənzimlənir?

- Bu gün iqtisadi fəaliyyət sahəsində təbii inhisar subyektlərinin fəaliyyəti geniş və əhatəlidir. Ümumiyyətlə, təbii inhisar iqtisadiyyatın elə bir hissəsidir ki, orada təbii inhisar subyektlərinin istehsal etdikləri əmtəəni başqa heç bir əmtəə ilə əvəz etmək mümkün olmur, yaxud iqtisadi qanunauyğunluqlara əsasən, dövlət həmin sahəni təbii inhisarda saxlayır. Hər bir anlamda dövlət tərəfindən təbii inhisar fəaliyyət sahəsi dövlət və ictimai maraqlar naminə rəqabətə qapadılır. Başqa sözlə, orada alternativ formada məhsul istehsal edəcək və ya əmtəə təqdim edəcək hər hansı bazar iştirakçısının fəaliyyət göstərməsi mümkün olmur. Bu mənada, bir sıra sahələr, xüsusilə kommunal xidmətlər, hava, dəniz, dəmiryolu daşımaçılığı kimi sahələrə təbii inhisar fəaliyyəti sahələri deyirik. Həmin sahələrdə fəaliyyət göstərən qurumlar təbii inhisar subyektləri adlandırılır. Onların xidmət göstərdiyi fəaliyyət sahələrində istehlakçıların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki onların göstərdikləri xidmətin keyfiyyəti və həmin xidmətlərə görə sonradan ödənişlər və ödənişlərin alınması ilə əlaqədar bağlanmış müqavilə şərtlərinə riayət edilməsi bizim fəaliyyət sahəmizə aid olan məsələlərdir. Qeyd etdiyim nəzarət istiqamətlərinə uyğun olaraq indiyədək bir sıra sahələrdə müvafiq addımlar atmışıq. Məsələn, əhalini daha çox maraqlandıran məsələlərdən biri çoxmənzilli yaşayış binalarında kommunal xidmətlərə görə sayğacların quraşdırılmasını araşdırdıq, təhlilini həyata keçirdik. Məlum oldu ki, orada müəyyən mənada qanunvericiliyin tələblərinə tam riayət edilmir.

Hər bir anlamda dövlət tərəfindən təbii inhisar fəaliyyət sahəsi dövlət və ictimai maraqlar
naminə rəqabətə qapadılır. Başqa sözlə, orada alternativ formada məhsul istehsal
edəcək və ya əmtəə təqdim edəcək hər hansı bazar iştirakçısının fəaliyyət
göstərməsi mümkün olmur. Bu mənada, bir sıra sahələr, xüsusilə kommunal xidmətlər,
hava, dəniz, dəmiryolu daşımaçılığı kimi sahələrə təbii inhisar fəaliyyəti sahələri deyirik.

Yeni inşa edilən çoxmənzilli binalarda MTK-lar tərəfindən istehlakçılardan sayğacların dəyərindən əlavə ödənişlər tələb edilməsi halları mövcuddur. Bununla əlaqədar təbii inhisar subyektlərindən olan, kommunal sahədə fəaliyyət göstərən “Azərsu”, “Azərişıq” və “Azəriqaz”la birlikdə bu məsələlərin təhlilini və araşdırılmasını həyata keçirdik. Nəticədə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 iyul 2021-ci ildən etibarən çoxmənzilli yaşayış binalarında qaz sayğaclarının pulsuz quraşdırılması qərara alındı, “Azərişıq” və “Azərsu” barəsində isə müvafiq qaydada təbii və antiinhisar qanunvericiliyinə uyğun olaraq iş qaldırıldı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehlakçıların sayğaclarla pulsuz təmin edilməsi qərara alındı. Bundan əlavə, təbii inhisar subyektlərinin özlərinin də istehlakçılara göstərdikləri xidmətin keyfiyyətini artırmaları ən ümdə məsələlərdəndir. Bu mənada, həmin təbii inhisar subyektlərinin aidiyyəti şəxsləri ilə mütəmadi olaraq görüşlər keçiririk. Çünki istehlakçıların hüquqlarının təmin olunması Dövlət Xidmətinin ən əsas vəzifələrindəndir. Kommunal sahədə fəaliyyət göstərən “Azərsu”, “Azəriqaz” və “Azərişıq”ın rəhbərliyi ilə Dövlət Xidmətində görüş keçirildi, həm mövcud problemlər müzakirə edildi, həm də istehlakçıların hüquqlarının qorunması ilə bağlı məqsədlər, hədəflər onlara çatdırıldı.

Bundan əlavə, təbii inhisar subyektlərinin özlərinin də istehlakçılara
göstərdikləri xidmətin keyfiyyətini artırmaları ən ümdə məsələlərdəndir.

- Bəs təbii inhisarların sahibkarlarla qarşılıqlı fəaliyyətinə nəzarət istiqamətində hansı tədbirlər görülür?

- Təbii inhisar subyekti olan bir sıra müəssisələr həm də rəqabət şəraitində bazar iştirakçılarıdır. Onların bazar iştirakçısı olaraq sahibkarlarla münasibətinin düzgün qurulması və qanunvericilik səviyyəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılan məsələlərdir. Bizim fəaliyyətimizin bir istiqaməti də onların daxili normativ sənədlərinin mövcud qanunvericiliyin tələbələrinə uyğunluğunun təhlilidir. Sahibkarlar qarşısında müəyyən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı düzgün olmayan, yaxud qanunvericiliklə uyğunlaşmayan hansısa tələblər qoyulduğu təqdirdə, həmin tələblərin aradan qaldırılması, yaxud daxili normativ sənədlərin mövcud qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması məsələsi qaldırılır. 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı olan məsələlərdə özəl tibb müəssisələrinin fəaliyyətinə bir sıra maneələr yaradılması, onların bazarda geniş iştirakına yol verilməməsi halları ilə bağlı Dövlət Xidməti tərəfindən iş qaldırıldı. Nəticədə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi ilə özəl sferada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilə münasibətlərinin dairəsi genişləndirildi və vətəndaşların icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrinin xidmətlərindən də yararlana biləcəkləri nəzərdə tutuldu. Bununla bağlı müvafiq açıqlamalar verildi. Həmçinin, sahibkarlıq subyektləri ilə sahibkarlıq fəaliyyəti çərçivəsində təbii inhisar subyektlərinin xidmətlərindən istifadə ilə bağlı “Aztelekom” MMC ilə bir sıra özəl internet provayderləri arasında münasibətlərlə əlaqədar işlər qaldırılıb. İşə baxılandan sonra özəl provayderlərin dəstəklənməsi istiqamətində müsbət nəticələr əldə edildi.

Xüsusilə ölkədə yaranan yeni iqtisadi mühitdə rəqabətə
dəstək verilməsi, rəqabət mühitinin qorunması Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də mühüm vəzifəsidir.

“SOCAR Petroleum”a qarşı qaldırılan iş də həyata keçirilən tədbirlərin bir hissəsi idi. Neft bazarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin müraciətlərinə əsasən təhlil aparıldı və Dövlət Xidməti tərəfindən qaldırılan iş nəticəsində müəyyən olundu ki, neft məhsullarının satışı bazarında yanacaqdoldurma məntəqələri ilə “SOCAR Petroleum” arasında müqavilə münasibətlərində qanunvericilikdən kənara çıxmaq halları mövcuddur. Bunun aradan qaldırılması ilə əlaqədar müvafiq göstəriş verildi və cərimə tətbiq olundu.

- Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb və sahibkarlar da elə düşünürlər ki, onların təbii inhisarlarla bağlı hər hansı narazılığı, problemi varsa, müraciət edə, şikayət edə bilməzlər, yaxud şikayət etsələr belə, bunun nəticəsi olmayacaq. Bununla bağlı sahibkarlara müraciət edərək nə deyə bilərsiniz?

- Ölkədə sahibkarlıq mühitinin inkişafına təkan vermək, dövlət qurumları tərəfindən buna müvafiq şərait yaratmaq, dəstək vermək Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkədə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Xüsusilə ölkədə yaranan yeni iqtisadi mühitdə rəqabətə dəstək verilməsi, rəqabət mühitinin qorunması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də mühüm vəzifəsidir. Bu mənada, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən onların fəaliyyətinə hər hansı bir maneçilik, çətinlik yaradılmasına rast gəldikdə bununla bağlı Dövlət Xidmətinə müraciət edə bilərlər. Onların müraciətləri tam araşdırılacaq və fəaliyyətlərinə mane ola biləcək hər hansı bir nüansa rast gəldikdə onun aradan qaldırılması təmin ediləcək. Həmçinin, rəqabəti pozan hansısa bazar iştirakçısı müəyyən edildikdə də təbii inhisar subyektləri də daxil olmaqla, onlara qarşı qanunvericiliyin imkan verdiyi ən sərt tədbirlər görüləcək.