Avropa şirkətlərinin 80 faizi öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdır

2022.05.17 11:55 (UTC+04:00)

Avropa şirkətlərinin 80 faizi öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdır, respondentlərin 53 faizi isə burada gələcək genişlənmə planlarına malikdir.

Bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2021” özündə 20 Aİ üzv dövləti, 2 EFTA üzv ölkəsi, Böyük Britaniya və Azərbaycan daxil olmaqla ümumilikdə 24 ölkənin nümayəndələrinin fikirlərini əks etdirir. Sorğuda iştirak edən şirkətlərin 90 faizi KOB-lardır və müəssisələrin əksəriyyəti Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) (58 faiz) və ya nümayəndəlik ofisləri (31 faiz) və 5 ildən çoxdur ölkədə mövcud olan şirkətlər (77 faiz) kimi fəaliyyət göstərirlər.