Eldəniz Əmirov: "Vergi daxilolmalarının artması iqtisadi islahatlarla bağlıdır" MÜSAHİBƏ

2022.05.18 11:03 (UTC+04:00)

- Eldəniz müəllim, vergi daxilolmalarındakı artım iqtisadi baxımdan hansı amillərlə bağlıdır?

- Vergi daxilolmalarının artmasına, ilk növbədə, ümumi daxili məhsulun (ÜDM) artması fonunda gəlirlərin çoxalması birbaşa təsir göstərir. 2022-ci ilin ilk rübündə Azərbaycanda ÜDM 6,8% artıb. İlin ilk üç ayı ərzində təxminən 30 milyard manatdan bir qədər artıq ÜDM istehsal olunub. Vergi daxilolmalarındakı artım göstəricisi isə ÜDM artımından xeyli yüksəkdir. Bu, onu deməyə əsas verir ki, vergi daxilolmalarında proqnozdan təxminən 50%-dən artıq vəsaitin daxil olması ÜDM artımından başqa bir neçə istiqamətdən də qaynaqlanır.

- Söhbət hansı istiqamətlərdən gedir?

- İlk növbədə, ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticələri qeyd edilməlidir. İqtisadiyyatın “ağardılması” sahəsində ardıcıl addımlar atılır. Uçotun daha dəqiq aparılması, vergidən yayınma hallarının qarşısının alınması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması kimi tədbirlər özünü bilavasitə vergi daxilolmalarında daha qabarıq biruzə verir. İqtsiadiyyatın “ağardılması” istiqamətində atılan ardıcıl addımlardan biri nağdsız ödənişlərin artırılması üçün müəyyən stimullaşdırıcı tədbirlərin görülməsidir. Burada “ƏDV geri al” layihəsinin uğurlu icrasını xüsusi qeyd etmək lazımdır. Bu layihə vasitəsilə istehlakçılar, adi vətəndaşlar belə vergilərin yığılmasında, uçotun düzgün aparılmasında, ödənişlərin rəsmiləşdirilməsində, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında aktiv tərəf kimi prosesə cəlb olunub. Layihə çərçivəsində vətəndaşların özlərinə kifayət qədər məbləğlər geri qaytarılsa da, reallıq budur ki, nəticədə vergi yığımı faizləri daha yuxarı səviyyədə olub. Eləcə də ticarət və xidmət obyektlərinin yeni nəsil nəzarət-kassa aparatları ilə təchiz olunması vergi daxilolmalarına təsir edən amillərdəndir.

- Cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasının vergi daxilolmalarına nəzərəçarpacaq təsiri ola bilərmi?

- Vergi mədəniyyətinin formalaşması son nəticədə sahibkarların qanunvericiliyin tələbinə könüllü əməl etməsinə gətirib çıxarır. Vergi mədəniyyətinin yüksəlməsi vergi daxilolmalarında xüsusi payı olan amildir.

- Pandemiyadan sonrakı dövr üçün iqtisadi mühitdəki canlanma vergi daxilolmalarında özünü necə göstərir?

- Ümumiyyətlə, vergi daxilolmalarının artmasına təsir edən ciddi amillərdən biri əhalinin gəlirlərinin artmasıdır. Postpandemiya dövründə iqtisadi aktivliyin artması, təbii olaraq, yeni iş yerlərinin açılmasına, xidmət sahələrinin genişlənməsinə, gəlirlərin çoxalmasına gətirib çıxarıb. Bu da həm ÜDM-də, həm də vergi daxilolamalarında özünü göstərir.

Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZI