Dövlət Vergi Xidmətinin rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb

2022.05.16 16:50 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Orxan Şixəmmədovla mentorluq proqramına başlayıb.

Mentorluq proqramı qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbəredici şəxslərlə birgə işləməyi nəzərdə tutur. Görüş zamanı DVX rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini qeyd edib, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun liderlik keyfiyyətləri və peşəkar bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb.

Orxan Şixəmmədov fərdi inkişaf proqramı üçün təşəkkürünü bildirib, mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin özünün idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə proqram qalibinin təcrübə ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib olan yanaşmalar müzakirə edilib.

Müsabiqənin idarəçi rəhbəri ilə keçiriləcək mentorluq proqramı çərçivəsində qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır.