“GS”1 sistemi ilə bağlı ixracla məşğul olan sahibkarlar məlumatlandırılıb

2022.05.16 14:23 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Qəbələ və Zaqatala rayonlarında “GS1 sistemi və ştrixkodların ixracda rolu, avtomatik identifikasiya texnologiyalarının əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Seminarda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlara biznesin effektivliyinin artırılmasında, uçot obyektlərinin identifikasiya prosesinin təkmilləşdirilməsində, informasiya axınlarının nizamlanmasında istifadə olunan “GS”1 sisteminin üstünlükləri barədə məlumat verilib. “GS1 Azerbaijan”nın nümayəndələri tərəfindən sistemin məhsul və xidmətlər barədə informasiyanı identifikasiya etmə imkanları, beynəlxalq ştrixli kodlaşdırma standartlarının ixracda rolu, eyni zamanda ixrac zamanı ştrixkodla bağlı diqqət edilməli məqamlar izah olunub. Seminarda ştrixkod vasitəsilə uçot, inventarizasiya prosesinin aparılması əyani vasitələrlə nümayiş etdirilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.