Avrozonada iqtisadi gözləntilər indeksi 14 ilin ən aşağı səviyyəsinə enib

2022.05.16 13:08 (UTC+04:00)

Avro zonasına daxil olan ölkələr üzrə iqtisadi gözləntilər indeksi mənfi 34 bəndə (apreldə bu göstərici mənfi 29,8 bənd olub) düşüb ki, bu, 2008-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.
“Sentix” araşdırma qrupunun mətbuat üçün açıqlamasına görə, avrozona iqtisadiyyatına investorların etimad indeksi may ayında apreldəki mənfi 18 bənddən mənfi 22,6 bəndə düşüb ki, bu da 2020-ci ilin iyun ayından bəri ən aşağı rəqəmdir. Cari iqtisadi şərait indeksi isə apreldə mənfi 10,5 bəndə düşüb ki, bu da 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.

“Sentix” avrozonaya daxil olan ölkələr arasında ən böyük iqtisadiyyata malik Almaniyada iqtisadi gözləntilər indeksinin may ayında müşahidələr tarixində ən aşağı həddə - mənfi 32,8 bəndə düşdüyünü bildirib. Ölkə iqtisadiyyatına etimad indeksi mənfi 20,5 bənd (2020-ci ilin mayından bəri ən aşağı göstərici), mövcud iqtisadi şərait indeksi isə mənfi 7,3 bənd (2021-ci ilin martından bəri ən aşağı göstərici) olub.

Araşdırma qrupu onu da qeyd edib ki, vəziyyəti xüsusilə çətinləşdirən “mərkəzi bankların inflyasiya ilə bağlı aşkar problemlərə görə müəyyən dərəcədə əl-qolunun bağlı olmasıdır”. İnvestorların etimad indeksi investorların regionun iqtisadi perspektivlərinə inam səviyyəsini əks etdirir. İndeksin yüksəlməsi iqtisadiyyatda müsbət meyillərdən xəbər verir. İndeksin aşağı düşməsi isə avro zonasının fond bazarına mənfi təsir göstərir.