KOB Fest sərgi-satış yarmarkası bu dəfə Gəncə şəhərində

2022.05.11 16:50 (UTC+04:00)

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gəncə şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.

Yarmarkada Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, mədəni-əyləncəli proqram təşkil ediləcək.

"KOB Fest”in təşkilində məqsəd Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Gəncə şəhərində Xan bağının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.