ƏDV ödəyicisi olmayan fiziki şəxsin xaricdən aldığı xidmət üçün vergilər necə hasablanır?

2022.05.12 10:22 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu maddə ilə müəyyənləşdirilmiş dərəcələrlə vergi tutulur.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 150-ci, 168-ci və 169-cu maddələri