Qanuna təklif olunan dəyişikliklər vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir

2022.05.16 10:09 (UTC+04:00)

“Dövlətin sosial siyasətinin tərkib hissələrindən biri pensiya təminatıdır. “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin məqsədi şəffaflığın təmin olunması, gələcəkdə pensiya yaşı tamam olan insanların pensiya təminatının maneəsiz olaraq reallaşmasıdır”. Millət vəkili Aqil Məmmədov qanunvericiliyə dəyişikliklərlə bağlı qanun layihəsini “vergiler.az”a şərh edərkən bildirib ki, layihə qəbul edilərsə, vətəndaşlar hansı pensiya növünü almaq istədiklərini özləri seçə biləcəklər.

A.Məmmədov parlamentdə müzakirə olunan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” layihədə qanunun 10 maddəsində 43 dəyişikliyin təklif olunduğunu bildirib. Onlardan biri əmək şəraiti zərərli olan işlərdə çalışan vətəndaşların pensiya yaşının azaldılması ilə bağlıdır. Bununla əlaqədar olaraq qanunun 9.1-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunub: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”.

Bununla həmin vətəndaşlara müəyyən güzəştlərin tətbiq olunacağını deyən A.Məmmədov diqqəti onların pensiya yaşının azaldılmasına yönəldib: “Əvvəllər kişilərın 12,5 il, qadınların 10 il zərərli sahədə işləməsi ilə bağlı stajı olardısa, onlara 5 il azalma düşürdü. Yəni kişilər 60 yaşında, qadınlar 50 yaşında pensiyaya çıxırdı. İndi isə əvvəlki sığorta stajları nəzərə alınmadan zərərli sahələrdə çətin şəraitdə 12,5 il işləyən kişilərin, eləcə də 10 il işləyən qadınların pensiya yaşı 5 il azaldılır. Bu da insanların rifahının yaxşılaşdırılması, vaxtından əvvəl pensiyaya çıxmasını təmin etmək üçün dövlətin yürütdüyü sosial sıyasətin əsas tərkib hissələrində biridir”.

Layihəyə əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda 5 uşaq böyüdüb başa çatdıran anaların stajının 5 il azaldılması təklif olunur: “Əgər hansısa səbəblərdən uşaqları ata böyüdübsə, onun da yaşının 5 il azaldılması nəzərdə tutulub. Eyni zamanda 5 uşağı qəyyumluğa götürüb saxlayan və 8 yaşına qədər tərbiyə edən vətəndaşların da pensiya yaşının azaldılması gözlənilir. Əsas məqsəd odur ki, insanların rifahı yaxşılaşdırılsın”.

Millət vəkili bundan sonra bütün növ pensiyaların elektron qaydada təyin olunmasının nəzərdə tutulduğunu bildirib: “Vətəndaşlar hansısa qapını döymədən, məmurla təmas olmadan ona pensiya təyinatı aparılır və bu barədə özünə məlumat göndərilir. Bu işlərin daha asan, rahat formada reallaşması baxımından “Əmək pensiyaları haqqında” qanuna təklif edilən vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edən addımdır”.