ƏDV ödəyicisi olan hüquqi şəxsin illik dövriyyəsi 200.000 manatı keçmirsə…

2022.05.11 13:39 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV ödəyicisi olan hüquqi şəxs, eyni zamanda mənfəət vergisinin ödəyicisi kimi əldə olunan gəlirlərdən Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

ƏDV məqsədləri üçün qeydiyyata alınmış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi mənfəət vergisindən azaddır. Bu zaman hüquqi şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı və işçi sayı 10 nəfərdən çox olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytının "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 155-ci və 218-ci maddələri