Sahibkarlıq fəaliyyəti üzrə mübahisələrə baxılması üçün ixtisaslaşmış məhkəmənin yaradılması gözlənilir

2019.04.17 17:35 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Doing Business" hesabatının "Müqavilələrin həyata keçirilməsi" göstəricisi üzrə görülən işlərə dair mətbuat konfransı keçirilib. Tədbirdə ölkə başçısının biznes mühitinin əlverişliliyinin artırılması üçün verdiyi tapşırıqların icrası ilə bağlı məhkəmələrdə yaradılan elektron imkanlar barədə geniş təqdimat olub. Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində mütərəqqi və yeni bir mərhələnin başlandığını qeyd edib. Bildirilib ki, fərmanda cəza siyasətinin humanistləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi, gömrük ödənişləri, məcburi dövlət sosial sığorta ödəmələri barədə mübahisələrə baxılması üçün yeni ixtisaslaşmış məhkəmənin yaradılması, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması nəzərdə tutulub. Sahibkarlarla bağlı məhkəmələrdə işlərin daha operativ və keyfiyyətlə həll olunması sahəsində tədbirlər davam etdirilir.

Bundan sonra mülki, inzibati, iqtisadi, inzibati xətalara dair ekspertizaların dəqiq vaxtı müəyyən ediləcək, məhkəmə qərarlarının icrasını tam və vaxtında təmin etmək üçün "Elektron icra" sistemi qurulacaq. Eyni zamanda, məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün qərarların alternativ icra mexanizmləri, o cümlədən həmin qərarların icrasının özəl qurumlara verilməsi məsələsinə yenidən baxılaraq, bu sistem beynəlxalq təcrübəyə uyğunlaşdırılacaqdır.