21 dövlət əmlakı özəlləşdirilib

2022.05.05 16:11 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların təşkil olunması davam etdirilir. Mayın 4-də keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketi, 19 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 111 sifariş qəbul olunub ki, bunun 33-ü elektron qaydada həyata keçirilib.

Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyətləri “Salyan Aqrotexservis” və “Sumqayıt Toxucu” ASC-dir. “Salyan Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 96.191 manata, “Sumqayıt Toxucu” ASC-nin 30,1 faizlik səhm paketi isə 49.663 manata satılıb.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq daha böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 2.000 manat olan “Kamaz” markalı yük avtomobilinə edilən ən son təklif 6.220 manatadək yüksəlib. Bundan başqa, “BMV” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 6.250 manat olsa da, nəqliyyat vasitəsi 9.700 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 213.624 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3xD8yEt )

Məlumat üçün bildiririk ki, növbəti hərrac 10 may tarixində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.