Birinci rübdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 57 milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 500 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.