“Əmək pensiyaları haqqında” Qanuna yeni dəyişikliklərə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları müəyyənləşir. Qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.
Dəyişikliyə əsasən, qanun layihəsinin 34-cü maddəsinin 1-ci bəndinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
Qanun layihəsi ikinci oxunuşdan sonra deputatlar tərəfindən 3-cü dəfə müzakirə ediləcək.
Qanun layihəsi Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 446-VIQD nömrəli Qanununun icrasına əsasən hazırlanıb.