Qazaxıstan Maliyyə Nazirliyi kapitalın ölkədən xaricə çıxarılmasına qarşı mübarizə çərçivəsində Milli Bankın 50 min dollardan artıq tranzaksiyalara dair məlumatları əsasında ölkə vətəndaşlarının iri transsərhəd pul köçürmələrinə vergi nəzarətini həyata keçirir. Maliyyə Nazirliyinin saytında yayılmış məlumatda bildirilir ki, Vergi Məcəlləsində müəyyən edilmiş normalara əsasən, fiziki şəxslər sahibkarlıq fəaliyyətindən, qiymətli kağızların və iştirak paylarının satışından dəyər artımı yaradan gəlirləri, eləcə də xaricdəki daşınmaz əmlakı, qiymətli kağızları və iştirak paylarını bəyan etməlidirlər. Bu günədək dövlət gəlirləri orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti çərçivəsində “mallar, daşınmaz əmlak, qiymətli kağızlar, iştirak payları üzrə ödənişlər” məqsədi daşıyan ödənişlər və onların vergi bəyannamələrində əks etdirilməsi təhlil edilib.
Maliyyə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, bu tədbirlər qanun pozuntularının müstəqil şəkildə aradan qaldırılması imkanının təmin edilməsinə yönəlib. Yəni kameral yoxlamanın nəticələrinə əsasən aşkar edilmiş pozuntular barədə dövlət gəlirləri orqanlarından bildiriş alındıqda 30 iş günü müddətində bəyannamə təqdim edilməli və (və ya) vergilər ödənilməli, bildirişlə razılaşmadıqda isə təsdiqedici sənədlər vasitəsilə izahat verilməlidir.
Xatırladaq ki, bu ilin fevralında dövlət başçısı Qasım-Jomart Tokayev “Qazaqstan” telekanalına müsahibəsində xaricə qeyri-qanuni yollarla çıxarılan pul vəsaitləri ölkəyə qaytarılmalı olduğunu qeyd etmişdi.