Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəmərinin operatoru TAP AG şirkəti ilə Avropa və Şimali Amerikanı birləşdirən ən böyük rəqəmsal infrastruktur platforması “EXA Infrastructure” ikitərəfli əməkdaşlıq üçün anlaşma memorandumu imzalayıb.
Memorandum əsasən, “EXA Infrastructure” Avropa şəbəkəsinin əsaslı şəkildə genişləndirilməsi çərçivəsində TAP AG ilə Fransanı və Türkiyəni birləşdirən yeni fiber şəbəkə qurmaq üçün birgə müəssisə yaradılıb. Memorandum çərçivəsində 878 kilometrlik qaz kəməri ilə yanaşı, TAP tərəfindən artıq quraşdırılmış fiber optik kabeldən istifadə olunacaq, həmçinin mövcud çoxmərhələli alternativ marşrutlar üzərində yüksək səviyyəli ehtiyat təmin etmək üçün Cənub-Şərqi və Qərbi Avropa arasında yeganə birbaşa əlaqə yaradacaq. Yeni fiber optik marşrutun 2023-cü ilin birinci rübündə fəaliyyətə başlaması gözlənilir.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. TAP perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.