Keçmiş tarixlə ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

2022.05.05 14:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən aparılan əməliyyatları ƏDV daxil olmaqla aparılan əməliyyat hesab edilir və ƏDV tutulan əməliyyatın dəyəri malın satış qiymətindən ƏDV çıxılmaqla müəyyən edilir.

Bu zaman Vergi Məcəlləsinin 71-1.5.9-cu maddəsinə əsasən “bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən” növdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.17-ci bəndinə əsasən, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 177.5-ci maddəsində nəzərdə tutulan hallarda təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman verilən elektron qaimə-fakturada vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən təqdim edilən elektron qaimə-fakturalar, habelə əməliyyatın aparılmasına əsas verən digər sənədlər elektron qaimə-fakturanın əlavə qeydlər sətrində qeyd edilməlidir.

Qaydaların 2.11-ci bəndinə əsasən, malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda vergi ödəyicisi tərəfindən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir.

Qaydaların 3.5-ci bəndinin müddəalarına əsasən isə yuxarıda qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

Qeyd olunanlara əsasən, alıcı tərəfindən elektron qaimə-fakturaların təsdiq edilməsi ilə bağlı vergi qanunvericiliyində məcburi tələb müəyyən edilməyib.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü və 177-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”